Əsas səhifə » Cənubi Koreyanın sabiq prezidentinin həbsi üçün məhkəməyə müraciət edilib

Cənubi Koreyanın sabiq prezidentinin həbsi üçün məhkəməyə müraciət edilib

BAKI, AzerVoice

Cənubi Koreyada hərbi vəziyyət dövründə baş verən hadisələrin araşdırılmasına cavabdeh olan xüsusi prokuror, sabiq prezident Yun Sok Yolun həbsinə dair yenidən məhkəməyə müraciət edib.

AzerVoice xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

25 iyun tarixində Seul Mərkəzi Dairə Məhkəməsi xüsusi prokurorun həbs orderi ilə bağlı ilkin müraciətini rədd etmişdi. Lakin prokuror eyni məhkəməyə yenidən müraciət edərək Yun Sok Yolun vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması, prezident haqqında qanunun pozulması və hakimiyyət orqanlarının fəaliyyətinə mane olma maddələri üzrə həbsini tələb edir. Bu ittihamların hamısı 2024-cü il dekabrın 3-də tətbiq edilmiş hərbi vəziyyətlə bağlıdır. Yun Sok Yol həmçinin dövlət quruluşuna qarşı qiyam ittihamı ilə də cinayət məsuliyyətinə cəlb olunub.

Həmçinin qeyd olunub ki, dövlətə xəyanət ittihamı bu dəfəki həbs tələbinə daxil edilməyib. Cənubi Koreya qanunvericiliyinə görə, dövlətə xəyanət xarici müdaxiləyə səbəb ola biləcək fəaliyyətləri əhatə edir. Ötən ilin dekabrından etibarən Cənubi Koreya mediasında Yun Sok Yol administrasiyasının Şimali Koreya ilə sərhəddə süni şəkildə gərginlik yaratmaqla hərbi vəziyyət üçün əsas formalaşdırmağa çalışdığına dair versiyalar yayılıb. Xüsusi prokurorun nümayəndəsi bildirib ki, dövlətə xəyanət şübhəsi hələ də araşdırılır.

Xatırladaq ki, Yun Sok Yol yanvar ayında ikinci cəhdlə həbs edilmişdi, lakin mart ayında məhkəmə onun həbsi ilə bağlı qərarı ləğv edərək onu istintaq təcridxanasından azad etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice