BAKI, AzerVoice
Yəzd şəhərində ekstremal istilər səbəbilə tətil elan edilib.
AzerVoice xəbər verir ki, İranın mərkəzində yerləşən Yəzd əyalətində sabah bütün dövlət və özəl sektor müəssisələri bağlanacaq. Səbəb – bölgədə hökm sürən rekord səviyyədə yüksək temperaturdur.
İranın rəsmi İRNA agentliyinin yaydığı məlumata görə, əyalətin Fəlakət İdarəetmə direktoru İhsan Balaketfi, meteoroloji xəbərdarlıqlara əsaslanaraq bu qərarın qəbul edildiyini bildirib. O, vətəndaşlara günorta saatlarında açıq havada olmamağı tövsiyə edib.
Hazırda Yəzddə havanın temperaturu 40 dərəcə Selsidən yuxarı olaraq qeydə alınıb və iqlim şəraiti insan sağlamlığı üçün riskli səviyyəyə çatıb.
Qeyd edək ki, Yəzd əyaləti İranın ən quraq və isti bölgələrindən biridir. Bu cür tədbirlər son illərdə iqlim dəyişikliyi fonunda daha tez-tez tətbiq olunur.