Əsas səhifə » Aİ İordan çayının qərb sahilindəki vəziyyətdən narahatdır

Aİ İordan çayının qərb sahilindəki vəziyyətdən narahatdır

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) İordan çayının Qərb sahilində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

AzerVoice xəbər verir ki, bu haqda Aİ-nin Xarici Fəaliyyət Xidməti (EEAS) tərəfindən yayımlanan bəyanatda deyilir.

Bəyanatda vurğulanıb ki, regionda israillilərin zorakı hərəkətləri artıb.

“Sürətlə gərginləşən vəziyyətlə üz-üzəyik. Son günlər məskunlaşanların (İsraillilərin - red.) zorakılığı, hədə-qorxu və fələstinlilərin evlərinə və mülklərinə qarşı dağıdıcı hücumlar kəskin şəkildə artıb. Çərşənbə günü Kafr Malik kəndində üç fələstinli öldürülüb” – deyə, EEAS-ın rəsmi nümayəndəsi qeyd edib.

“Bu zorakılıqlara son qoyulmalıdır. Biz İsraili fələstinlilərə qarşı məskunlaşanların zorakılığının qarşısını almaq və cinayətkarları məsuliyyətə cəlb etmək üçün konkret addımlar atmağa çağırırıq” – deyə, bəyanatda bildirilib.

Eyni zamanda, mövcud mürəkkəb vəziyyətdə bütün səylərin gərginliyin azaldılmasına yönəlməsinin vacibliyi qeyd olunub. Aİ həmçinin beynəlxalq hüquqa əsasən, İsrailin saldığı yaşayış məntəqələrinin qanunsuz olduğunu və sülhün qarşısında ciddi maneə yaratdığını xatırladıb.

Qeyd edək ki, Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilmiş son sammitində qəbul edilmiş yekun sənədlərdə Qərb Sahili, o cümlədən Şərqi Qüdsdə zorakılığın artması, qanunsuz yaşayış məntəqələrinin genişləndirilməsi və İsrailin hərbi əməliyyatları sərt şəkildə pislənmişdi. Liderlər Avropa İttifaqı Şurasını ekstremist məskunlaşanlara və onları dəstəkləyən təşkilatlara qarşı sanksiyalarla bağlı işləri davam etdirməyə çağırıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice