Bakı, AzerVoice
İsrail ordusu Qəzza işğalında Amazon Web Services (AWS), Google Cloud və Microsoft Azure kimi böyük texnoloji şirkətlərin bulud saxlama və süni intellekt xidmətlərindən istifadə edir.
AzerVoice xəbər verir ki, bunu ilk dəfə 2024-cü ilin iyulunda keçirilən konfransda İsrail ordusunun Hesablama və İnformasiya Sistemləri Mərkəzinin bölməsinin komandiri polkovnik Raçeli Dembinski açıq şəkildə təsdiq etmişdi.
2023-cü ilin sonunda İsrail Qəzzaya yerüstü işğal həyata keçirərkən daxili sistemləri həddən artıq yükləndiyi zaman ordu mülki bulud xidmətlərinə müraciət etdi. Bulud provayderləri isə limitsiz yaddaş və qabaqcıl AI (suni intellekt) imkanları təklif edir.
Mənbələrin bildirdiyinə görə, İsrail ordusu Qəzza əhalisinin kütləvi şəkildə izlənilməsi yolu ilə toplanmış bəzi kəşfiyyat məlumatlarını AWS serverlərində saxlayır. Bu, Qəzzada demək olar ki, "hamı" haqqında məlumatların "sonsuz saxlanmasına" imkan verir.
Amazon-un buludunda saxlanılan böyük miqdarda məlumat hətta bəzi hallarda Qəzzada hava hücumları, o cümlədən mülki əhalinin ölümünə səbəb olan zərbələr üçün əlavə məlumat vermək üçün də istifadə edilmişdir.
Qeyd edək ki, İsrail ordusu ən azı 2022-ci ilin sonundan etibarən Qəzzada kütləvi müşahidə üçün AWS əsaslı sistemdən istifadə edir, lakin cari müharibə zamanı onun istifadəsi əhəmiyyətli dərəcədə genişlənmişdir.