Bakı. AzerVoice:
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzi davam edir. AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu qərəzli qərara cavab olaraq nümayəndə heyətimiz AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırıb. AŞPA-nın bu ədalətsiz qərarı Azərbaycanda “siyasi məhbuslar”ın olması, ermənilərin Qarabağdan çıxıb getməsi, fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsi və digər absurd iddialarla əsaslandırılır. Ancaq bunlar bəhanədir. Əsl həqiqət ondan ibarətdir ki, Avropa Şurası əslində ermənipərəst, türkofob və islamofob qüvvələrin əlində oyuncağa çevrilib. Bu qurum 30 il Azərbaycan ərazilərini işğalda saxlamış Ermənistanın və onun hamisi Fransanın Azərbaycana qarşı təsir rıçağına çevrilib. 30 il Azərbaycan işğala məruz qaldı. 1 milyondan çox insanımız məcburi köçkün həyatı yaşamağa vadar oldu. Ancaq Avropa qurumları o cümlədən AŞPA işğalçı barədə heç bir addım atmadı. Azərbaycan BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını özü təmin etdi. Əslində Fransanın, Almaniyanın ermənipərəst dairələrin qəzəbinin mənbəyi budur. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycana qarşı total hücumlar səngimir. Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası da qərəzli, ikili standartlarla yanaşır.
Ölkəmiz üçün AŞPA-da səsinin “dondurulması” heç bir əhəmiyyət kəsb etmir. Vaxtilə haqq səsimizi dünyaya çatdırmaq arzusu ilə üzv olduğumuz bu qurum, indi tam mənasız, məişət söhbətlərinin, dedi-qoduların, qeybətin, antitürk və antimüsəlman diskussiyaların baş alıb getdiyi dərnək təsiri bağışlayır. Ona görə də AŞPA-nın məlum qərarına cavab olaraq, Azərbaycan nümayəndə heyətinin burada fəaliyyətini dayandırması və bir sıra adekvat addımlar atması tamamilə qəbulolunandır.
Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Ölkəmiz ərazi bütövlüyünü təmin edib, Avropanın enerji təchizatında əsas tərəfdaş dövlətlərdən birinə çevrilib. Azərbaycan heç kimdən asılı olmayan müstəqil dövlətdir. Azərbaycanı narahat edən Qarabağ problem artıq həll olunub. Belə olan halda qitədə Avropa Şurasının Azərbaycanla bağlı hər hansı qərarı kağız parçasından başqa bir şey olmayacaq. Əvvəlki təşəbbüslər kimi, bu çirkin və qərəzli kampaniya da nəticəsiz qalacaq. Suverenliyi və ərazi bütövlüyünü bərpa edən ölkə ölkəmizə qarşı total kampaniya nəticəsiz başa çatacaq.
Milli Məclisin deputatı,
Rauf Əliyev