BAKI, AzerVoice
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
AzerVoice xəbər verir ki, Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğuladı.
Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edildi.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunuldu, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirildi.
Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğuladı.
Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.