Əsas səhifə » Hayfa şəhərindəki neft emalı zavodu fəaliyyətini qismən bərpa edib

Hayfa şəhərindəki neft emalı zavodu fəaliyyətini qismən bərpa edib

BAKI, AzerVoice

İsrailin Hayfa şəhərində yerləşən "Bazan Group" şirkətinə məxsus neft emalı zavodları, iyunun ortalarında İranın endirdiyi raket zərbəsi səbəbilə fəaliyyətini dayandırmışdı.

AzerVoice xəbər verir ki, Ynet portalının məlumatına görə, zavodlar artıq qismən fəaliyyətini bərpa edib.

Xatırladaq ki, 16 iyun tarixində Bazan Group İran raketinin enerji stansiyasının binasına düşdüyünü, nəticədə üç nəfərin həlak olduğunu və zavodlar tərəfindən istifadə edilən buxar və elektrik enerjisinin bir hissəsinin istehsalına cavabdeh olan stansiyanın ciddi şəkildə zədələndiyini bildirmişdi.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice