BAKI, AzerVoice
İran, İsrail və ya ABŞ-ın atdığı addımların Tehran ilə Yaxın Şərq regionundakı qonşu ölkələr arasındakı münasibətlərə zərər vurmasına yol verməyəcək.
AzerVoice-un məlumatına görə, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Araqçi, Qətər hökumət başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı zamanı deyib.
“İran region ölkələri ilə əlaqələri davam etdirərək Sionist rejimin (İsrail nəzərdə tutulur – red.) və ABŞ-ın bu addımlarının qonşularla münasibətləri pisləşdirməsinə imkan verməyəcək” – deyə, Araqçi bildirib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.
ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki qeydə alınmayıb, ciddi dağıntı da olmayıb.
ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.