BAKI, AzerVoice
İran İsrailə qarşı yeni hücumlar həyata keçirib.
AzerVoice xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Həqiqi vəd 3” adlı əməliyyatın 19-cu dalğasında işğal olunmuş ərazilərə qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə yeni hücumlar həyata keçirib" - deyə, məlumatda qeyd olunub.
Bildirilib ki, hücumlar İsrailin hərbi bazalarını və silah istehsal edən obyektlərini hədəf alıb.
SEPAH rəsmiləri bildiriblər ki, bu hücumlar təkcə cavab xarakteri daşımır, həm də artan təsir gücünə malik davamlı əməliyyatlar çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.