BAKI, AzerVoice,Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı “Könüllülər Koalisyonu Liderlər Zirvəsi”nin onlayn formatda keçirilən iclasında iştirak edib. İclasda Ukrayna–Rusiya müharibəsində son vəziyyət, atəşkəs təşəbbüsləri və diplomatik səylər müzakirə olunub.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb.
Burhanəddin Duran bildirib ki, Prezident Ərdoğan toplantıda münaqişənin tezliklə ədalətli və davamlı sülhlə nəticələnməsi üçün Türkiyənin diplomatik vasitəçilik səylərini davam etdirdiyini vurğulayıb.
Ərdoğan qeyd edib ki, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar yenidən İstanbulda təşkil oluna bilər və Ankara bu istiqamətdə hər iki tərəflə təmasları davam etdirir.
Toplantıda Türkiyə tərəfindən əlavə olaraq bildirilib ki, enerji və liman infrastrukturlarını əhatə edən genişmiqyaslı atəşkəs mexanizmi, gələcək sülh müqaviləsi üçün əlverişli zəmin yarada bilər.
İclasda 35 ölkənin nümayəndələri iştirak edib və tərəflər arasında daimi sülhün təmin olunması üçün mümkün addımlar müzakirə olunub.
Toplantıda Prezident Ərdoğana Vitse-prezident Cevdət Yılmaz, Xarici İşlər naziri Hakan Fidan, Kommunikasiya rəhbəri Burhanəddin Duran, Prezidentin təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini Çağrı Erhan, AKP sözçüsü Ömər Çelik müşayiət edib.