Əsas səhifə » Türkiyə və Suriya ortaq universitet yaradacaq

Türkiyə və Suriya ortaq universitet yaradacaq

BAKI, AzerVoice

Türkiyə və Suriya arasında ali təhsil və elmi araşdırmalar sahəsində yeni strateji əməkdaşlıq mərhələsinə start verilir.

AzerVoice xəbər verir ki, Suriyanın paytaxtı Şamda keçirilən rəsmi görüşdə YÖK sədri Prof. Dr. Erol Özvar və Suriya Ali Təhsil və Elmi Tədqiqat naziri Dr. Mervan əl-Halabi arasında əməkdaşlıq protokolu imzalanıb.

Razılaşmaya əsasən, Şamda birgə Türkiyə–Suriya Universiteti yaradılması nəzərdə tutulur.

Özvar bildirib ki, bu universitetin yaradılması təşəbbüsü Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə həyata keçirilir və bu addım iki ölkə arasında təhsil münasibətlərində yeni bir mərhələnin başlanğıcını təşkil edir.

“Suriyalı tərəfdaşlarımız bu təşəbbüsə tam dəstək verirlər. Universitetin təməlini çox yaxın zamanda qoyacağıq” – deyə o vurğulayıb.

Protokol çərçivəsində Türkiyədə təhsil alan suriyalı tələbələrin diplomlarının Suriya dövləti tərəfindən tanınması barədə də razılıq əldə olunub. Bundan əlavə, Suriya universitetlərinin rəqəmsal infrastrukturunun inkişafı üçün Türkiyə tərəfindən texniki dəstək göstəriləcək.

Özvar qeyd edib ki, YÖK-ün ali təhsil üzrə rəqəmsal informasiya sistemi Suriya universitetlərinin istifadəsinə veriləcək və bu platforma vasitəsilə qarşılıqlı təcrübə mübadiləsi həyata keçiriləcək.

Tərəflər, həmçinin tələbə və müəllim mübadiləsi, eləcə də tibb, mühəndislik, kənd təsərrüfatı, quraqlıqla mübarizə və ərzaq təhlükəsizliyi kimi sahələrdə birgə elmi layihələrin icrası barədə razılığa gəliblər. Universitetlər arasında akkreditasiya və keyfiyyət təminatı sahəsində də əməkdaşlıq planlaşdırılır.

Suriya Ali Təhsil və Elmi Tədqiqat naziri Dr. Mervan əl-Halabi protokolu “Suriya ali təhsil sisteminin yenidən doğuşu və tarixi bir dönüş nöqtəsi” kimi dəyərləndirib.

“Bu razılaşma Suriyada ali təhsilin inkişafı və islahatlar üçün möhkəm təməl olacaq. Ölkəmizə qarşı tətbiq edilən ədalətsiz sanksiyaların ləğvindən sonra bu əməkdaşlıq daha da əhəmiyyətlidir” – deyə Halabi bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice