Bakı,
AzerVoice
Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində investorlarla mühüm görüşlər
keçirir.
AzerVoice xəbər verir ki, nazirlikdən
əldə edilən məlumata görə, Şimşekin Dubayda dünən başlayan
təmasları sabah başa çatacaq.
Səfər çərçivəsində o, maliyyə dünyasının aparıcı simaları ilə
dəyirmi masa toplantısında iştirak edib və Türkiyə iqtisadiyyatı
ilə bağlı sualları cavablandırıb.
Görüşlərə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu holdinq şirkətləri və banklarının rəhbərləri də qatılıb.
Maliyyə və real sektorun yüksək səviyyəli nümayəndələrinin iştirak edəcəyi investor toplantısında Şimşek qlobal iqtisadi tendensiyalar, Türkiyənin iqtisadi proqramındakı irəliləyişlər və xarici investorlar üçün yaradılan fürsətlər haqqında geniş çıxış edəcək.
Bundan əlavə, Şimşek Dubay səfəri çərçivəsində bir sıra rəsmi görüşlər də keçirəcək. O, Dünya Hökuməti Zirvə toplantısında “Çoxlu İqtisadi Blokların Yüksəlişi” adlı panelin panelistlərindən biri olacaq. Səfərdə Şimşekin Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Feysəl əl-İbrahim, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari və İndoneziyanın İqtisadiyyat naziri Aylanqqa Hartarto ilə də görüşməsi planlaşdırılır.