Bakı. AzerVoice:
İsrailli mühacirlər tərəfindən fələstinlilərə qarşı hücumlar 800-ü keçib.
AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) aldığı məlumata istinad edən Dujarrik Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində vəziyyətin daha da pisləşdiyini vurğulayıb.
Dujarrik bildirib ki, oktyabrın 7-dən bəri israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı hücumlar 800-ü keçib və nəticədə insan tələfatı var.
İsrailli mühacirlər və İsrail qüvvələri tərəfindən 30-dan çox fələstinlinin öldürüldüyünü qeyd edən Düjarrik, 500-ə yaxın insanın yaralandığını bildirib.
“Apreldə İsrail hakimiyyəti humanitar missiyaların dörddə birini bloklayıb və 10 faizini rədd edib” – deyə o qeyd edib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.
Hafiz Rufizoğlu