BAKI, AzerVoice
Dünyada su ehtiyatlarının azalması, habelə qlobal iqlim dəyişikliyinin davam etməsi nəticəsində yaranan ekzogen təsirlər Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Ölkədə su təhlükəsizliyinin qorunması, su ehtiyatlarının dayanıqlığının artırılması və bu sahədə müasir, effektiv idarəetmə mexanizmlərinin formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Sərəncama əsasən, Strategiyanın icrasının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilir.
Mövzu ilə bağlı suallarımızı AzerVoice-a özəl açıqlamasında Mərkəzin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov cavablandırıb.
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi ilə bağlı hansı işlər görülüb?
Milli Strategiya su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, su təsərrüfatı sahəsində idarəetmənin müasirləşdirilməsi, eləcə də beynəlxalq konvensiyaların tələblərinə uyğun əməkdaşlığın genişləndirilməsi kimi əsas istiqamətləri əhatə edir. Mərkəz tərəfindən sənədin Tədbirlər Planı üzrə əsas icraçı qurumların nümayəndələri ilə birgə iş əsasında Vahid İndikator Cədvəli formalaşdırılıb.
Eyni zamanda, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya Portalı”nın yaradılması işləri tamamlanıb, bununla bağlı əsas icraçı qurumların nümayəndələrinə təlimlər verilib və vahid indikator cədvəli Portala daxil edilib. Hazırda əsas icraçı orqanlar tərəfindən Milli Strategiya üzrə görülən işlər barədə məlumatların sistemli şəkildə toplanması, təhlili və qiymətləndirilməsi Mərkəz tərəfindən hazırlanmış Portal vasitəsilə həyata keçirilir. 2024-cü ilin dördüncü rübü də daxil olmaqla 2025-ci ilin birinci, ikinci və üçüncü rüblərini əhatə edən dövr üzrə görülmüş işlərin nəticələrinə dair müvafiq monitorinq arayışları hazırlanaraq Su Komissiyasına, eləcə də, əsas icraçı qurumlara icra vəziyyətinin qiymətləndirilməsi və qərar qəbuletmə prosesində istifadə olunması məqsədilə təqdim edilib. Portalın əsas modullarından biri layihələrin icrasının real vaxt rejimində izlənilməsinə imkan verən “Layihə İdarəetməsi” moduludur. Burada Tədbirlər Planında nəzərdə tutulmuş infrastruktur layihələrinin maliyyə və fiziki tərəqqi göstəricilərini izləmək mümkündür.
Strategiya üzrə tədbirlərin qiymətləndirilməsi, strateji hədəflərə nail olunma səviyyəsinin monitorinqi, müvafiq analitik hesabatların və müasir çağırışlara uyğun tövsiyələrin hazırlanması istiqamətində Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və əldə olunan biliklərin aidiyyəti maraqlı tərəflərə sistemli şəkildə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma çərçivəsində mütəmadi olaraq beynəlxalq təcrübə mübadiləsinə həsr olunmuş tematik görüşlər və onlayn tədbirlər təşkil edirik.
Milli Strategiyanın icrası üzrə aparılan monitorinq və qiymətləndirmə prosesinin yalnız hesabatlar əsasında deyil, real icra vəziyyətinin yerində öyrənilməsi məqsədilə Mərkəz tərəfindən aidiyyəti dövlət qurumlarının iştirakı ilə ölkənin müxtəlif regionlarını əhatə edən səfərlərin təşkili zəruri hesab edilib. Bu səfərlər çərçivəsində Strategiyada nəzərdə tutulan tədbirlərin faktiki icra vəziyyətinin yerində qiymətləndirilməsi, mövcud problemlərin və risklərin müəyyənləşdirilməsi, eləcə də su ehtiyatlarının idarə olunması sahəsində mövcud çağırışlar və imkanlar dəyərləndirilib.
Milli Strategiyanın icrası çərçivəsində regionlarda həyata keçirilən monitorinq səfərləri hansı məqsədlərə xidmət edib və bu səfərlər zamanı hansı əsas məsələlər diqqət mərkəzində olub?
Milli Strategiyanın icrası üzrə monitorinq və qiymətləndirmə tədbirləri çərçivəsində Mərkəzin nümayəndələri tərəfindən ölkənin müxtəlif regionlarına işgüzar səfərlər həyata keçirilib. Səfərlərin əsas məqsədi Strategiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyətini yerində qiymətləndirmək, su ehtiyatlarının davamlı və səmərəli idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etmək, eləcə də icrası davam edən və planlaşdırılan layihələrin effektivliyini dəyərləndirməkdir.
2025-ci il 25–29 avqust tarixlərində keçirilən səfərlər zamanı su ehtiyatlarının davamlı və səmərəli idarə olunması, mövcud su təsərrüfatı və meliorasiya infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi, perspektiv su layihələrinin müəyyənləşdirilməsi, habelə Milli Strategiyanın icrası üzrə monitorinq və qiymətləndirmə mexanizmlərinin tətbiqi məsələləri diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə Şabran, Quba, Qusar, Xaçmaz, Göyçay, Ağdaş, Qəbələ, Şəki, Şəmkir, Ağdərə, Laçın, Zəngilan, Cəbrayıl, İmişli, Lənkəran, Astara və Qaradağ rayonlarında, həmçinin Mingəçevir şəhərində su hövzələrinə, hidrotexniki qurğulara, su təchizatı, meliorasiya və enerji infrastrukturlarına yerində baxış keçirilib.
Yerində baxışlar zamanı icrası davam edən layihələrin mövcud vəziyyəti təhlil olunub, istismar prosesində qarşıya çıxan çətinliklər və potensial risklər müəyyən edilib, su ehtiyatlarının idarə olunması sahəsində mövcud çağırışlar və inkişaf imkanları dəyərləndirilib. Eyni zamanda, layihələrin icra tempinin artırılması, institusional koordinasiyanın gücləndirilməsi və məlumat mübadiləsinin səmərəliliyinin yüksəldilməsi istiqamətində müvafiq yanaşmalar formalaşdırılıb.
Monitorinq səfərlərində İİTKM ilə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərenerji” ASC, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin və digər aidiyyəti dövlət qurumlarının mərkəzi və regional strukturlarının nümayəndələri iştirak ediblər.
Səfərlərin nəticələrinə əsasən mövcud çətinliklərin aradan qaldırılması, nəzərdə tutulan tədbirlərin icrasının sürətləndirilməsi və Milli Strategiyanın həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr hazırlanıb, səfər üzrə yekun hesabat aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub.
İndiyədək Milli Su Strategiyası çərçivəsində planlaşdırılan hədəf indikatorları üzrə hansı əsas işlər görülüb? Əldə olunan nəticələr barədə məlumat verə bilərsinizmi?
Milli Su Strategiyasının icrası çərçivəsində su ehtiyatlarının səmərəli istifadəsi, əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və su idarəçiliyinin müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.
Su təchizatı sahəsində görülən işlər nəticəsində ölkə üzrə 1823757 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərilir. Bunların 1750522-i əhali, 73235-i isə qeyri-əhali abunəçiləridir. Ölkə üzrə abonentlərin 79,5 faizi, Bakı şəhəri üzrə 82 faizi, regionlarda isə 73,3 faizi fasiləsiz içməli su ilə təmin olunur ki, bu da indikatorlar üzrə 2025-ci ilə qeyd olunmuş hədəfləri əhatə edir.
Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi istiqamətində kəhriz kompleklərində yerləşən quyular təftiş olunub, su səviyyəsi və dərinlik ölçmələri aparılıb. İşlək vəziyyətdə olan kəhrizlərdən su nümunələri götürülərək laborator analizlər həyata keçirilib, eyni zamanda kəhriz quyularının koordinatları topoqrafik ölçmələr əsasında xəritələşdirilib.
Rəqəmsal idarəetmənin gücləndirilməsi məqsədilə “Elektron su təsərrüfatı” informasiya sisteminin proqram təminatının yenilənməsi istiqamətində su anbarları, suvarma kanalları, hidroqovşaqlar, ölçmə cihazları və çaylar üzrə müvafiq modulların texniki tapşırıqları hazırlanıb. Eyni zamanda peyk texnologiyalarının tətbiqi ilə yerüstü su mənbələrinin rəqəmsallaşdırılması üzrə işlər aparılıb. Pilot layihələr çərçivəsində Lənkəran–Astara və Quba–Xaçmaz zonaları üzrə peyk təsvirləri əldə olunub. Ümumilikdə ölkə üzrə su mənbələrinin rəqəmsallaşdırılmasında təxminən 27 faiz peyk təsvirləri mövcuddur.
Su idarəçiliyi sahəsində insan kapitalının gücləndirilməsi məqsədilə magistratura səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib və yeni ixtisaslar – “Hidrometeorologiya”, “Ekologiya mühəndisliyi”, “Kənd təsərrüfatı texnologiyaları” və “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasları həmin təsnifata əlavə edilib, müvafiq təhsil proqramları hazırlanaraq təsdiqlənib və kadr hazırlığı prosesinə başlanılıb. Həmçinin Hidrologiya ixtisası üzrə doktorantura səviyyəsinə doktorant qəbulu planlaşdırılıb.
İçməli su təchizatında əhali və qeyri-əhali qrupları üzrə sayğaclaşma səviyyəsi genişləndirilib, suvarma sahəsində isə magistral və təsərrüfatlararası kanallarda müasir tipli su ölçmə cihazı quraşdırılıb, əksəri artıq istismara verilib və SCADA sistemi vasitəsilə mərkəzləşdirilmiş qaydada izlənilmə təmin edilib.
Su itkilərinin azaldılması istiqamətində aparılmış təhlillər nəticəsində texnoloji və istismar amilləri nəzərə alınmaqla respublika üzrə faktiki su itkilərinin səviyyəsi ciddi şəkildə azaldılıb. Eyni zamanda içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su xətləri çəkilib və ya mövcud xətlər yenidən qurulub, fərdi su sayğacı quraşdırılıb. Kanalizasiya və yağış sularının idarə olunması sahəsində isə yeni xətlər inşa edilib.
Su anbarlarının tikintisi və layihələndirilməsi istiqamətində Zabuxçay su anbarının tikintisi tamamlanıb, Yengicə, Həkəriçay, Bərgüşadçay, Türyançay, Ağsuçay, Zəyəmçay və Əlicançay su anbarları üzrə layihələndirmə və tikinti işləri müxtəlif mərhələlərdə davam etdirilir.
Transsərhəd suların mühafizəsi məqsədilə Kür, Araz və digər çaylar üzrə monitorinqlər aparılaraq su nümunələri götürülüb və fiziki-kimyəvi analizlər icra olunub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerüstü su ehtiyatlarının hidroenerji potensialından istifadə olunmaqla ümumilikdə 16 su elektrik stansiyasının tikintisi həyata keçirilib.
Bu tədbirlərin uğurlu icrası, yalnız su ehtiyatlarının səmərəli istifadəsini təmin etməklə qalmayacaq, eyni zamanda Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verəcək, əhalinin su təminatı məsələlərini həll edəcək və ekosistemlərin davamlılığını artıracaq. Gələcəkdə qeyd olunan mərhələlərin icrası nəticəsində ölkə əhalisinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması, su ehtiyatlarının davamlı idarə edilməsi və ekoloji tarazlığın qorunması sahəsində mühüm irəliləyişlər əldə ediləcək. Bu məqsədlə, Milli Strategiyanın icrası və monitorinqi prosesində əldə edilən təcrübə Azərbaycanın su ehtiyatlarının səmərəli istifadəsi üçün növbəti addımların atılmasında əsas istiqamətləri müəyyən edəcək.