BAKI, AzerVoice
25 sentyabr 2025-ci il tarixində AMEA-da Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium öz işinə start verib. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilib.
AzerVoice xəbər verir ki, Simpoziumun məqsədi Aşıq Ələsgər yaradıcılığı və Üzeyir Hacıbəyli irsinin, habelə türk xalqlarının bədii mədəniyyətinin tədqiqi sahəsində aparılan araşdırmalar üzrə elmi yeniliklərlə tanışlıq və fikir mübadiləsinin aparılmasından ibarətdir.
Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, Fondun əsas fəaliyyət istiqaməti Türk xalqlarının zəngin mədəni irsinin öyrənilməsi, elmi cəhətdən tədqiq olunması və beynəlxalq miqyasda təbliğidir. O, qeyd edib ki, bu istiqamətdə həyata keçirilən layihələr yalnız ayrı-ayrı xalqların deyil, bütövlükdə Türk Dünyasının mədəni yaddaşının qorunmasına xidmət edir. Çıxışının davamında, Aşıq yaradıcılığı ilə professional musiqi məktəbinin təməlini qoyan Üzeyir Hacıbəyli arasında mənəvi bağların araşdırılmasının, milli musiqi ənənələrinin bütöv sistem kimi təqdim olunmasına və Türk Dünyasının ortaq musiqi xəzinəsinə daha dərindən nəzər salınmasına imkan yaradacağını bildirib. Sonda Simpoziuma səmərəli nəticələr, iştirakçılara uğurlar arzulayıb.
Simpoziumun açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Mədəniyyəti nazirinin müavini Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə, Qırğızıstan MEA-nın Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyev çıxışlar edərək simpoziumun yeni elmi nəticələrin və beynəlxalq əməkdaşlığın möhkəmlənməsi üçün dəyərli imkanlar açacağına inamlarını ifadə ediblər.
Plenar iclasda Türk dünyasının tanınmış elm adamları – Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru akademik Kenjexan Matıjanov, Özbəkistan EA Əlişir Nəvai adına Ədəbiyyat Muzeyinin direktoru professor Cabbor Eşonkulov, Egey Universitetinin professoru Metin Ekici (Türkiyə), Ankara Musiqi və İncəsənət Universitetinin rektoru professor Erhan Özden və digər görkəmli şəxslər çıxış ediblər.
Sessiyalarda türk xalqlarının ortaq musiqi yaddaşı, aşıq sənətinin tarixi davamlılığı, klassik ədəbiyyatın təsirləri, eləcə də Üzeyir Hacıbəylinin milli mədəni kodların formalaşmasındakı rolu müzakirə olunub. Sentyabrın 26-da işini yekunlaşdıran simpoziumun məqsədi böyük bəstəkarın və aşıq yaradıcılığının mirasını ortaq türk mədəniyyət kodları kontekstində araşdırmaq və onların milli-mənəvi kimliyin təşəkkülündəki rolunu üzə çıxarmaq olub.