Əsas səhifə » Ankarada Türk Dövlətləri Assambleyasının simulyasiya seminarı işə başlayıb

Ankarada Türk Dövlətləri Assambleyasının simulyasiya seminarı işə başlayıb

BAKI, AzerVoice

Ankarada orta məktəb şagirdlərinə Türk Dövlətləri Təşkilatının strukturunu və fəaliyyətini izah etmək məqsədilə təşkil edilən Türk Dövlətləri Assambleyasının Simulyasiya seminarı işə başlayıb.

AzerVoice xəbər verir ki, Ankara Hacı Bayram Vəli Universiteti və Həsən Əli Yücel Sosial Elmlər Liseyi ilə birgə təşkil olunan seminar bir dəqiqəlik sükutla və İstiqlal Marşının oxunması ilə başlayıb.

Tədbir Otağ Xalq Oyunları Komandasının rəqs şousu ilə davam edib və Türk Dövlətləri Assambleyasının simulyasiya tanıtım filmi nümayiş olunub.

Seminarın açılışında çıxış edən Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru Mətin Orbay dünyanın ağırlıq mərkəzinin dəyişdiyini bildirərək, Orta Asiyada türk dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Orbay ölkələri yaxınlaşdıran məfhumların olduğunu, bunlardan ən əsasının ortaq dil, ortaq tarix və mədəniyyət hövzəsində görüşdüyünü ifadə edib.

Seminar çərçivəsində 15 türk dövlətini təmsil edən 550 tələbə 12 fərqli komissiyada bir araya gələrək müxtəlif sahələrdə əməkdaşlığı artıracaq fəaliyyətlərlə bağlı fikirlərini irəli sürəcək.

Bundan əlavə, ali məktəb tələbələri üçün akademik yanaşma ilə Türk Dövlətləri Təşkilatının strukturu və fəaliyyəti müzakirə olunacaq. Hər bir komissiyada tələbələr Türk Dünyasının əməkdaşlığı artıra biləcəyi müxtəlif sahələr üzrə mövzuları müzakirə edəcəklər.

Üç gün davam edəcək seminarda ən uğurlu tələbələrə xüsusi mükafatlar veriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice