BAKI,
AzerVoice
Türkiyə-Liviya razılaşması Yunanıstanda panikaya səbəb olub.
AzerVoice xəbər verir ki, Türkiyə və
Liviya arasında imzalanmış neft və dəniz yurisdiksiyası sahəsində
əməkdaşlıq memorandumu Yunanıstanda ciddi narahatlığa səbəb
olub.
Afina hökuməti bölgədə baş verənləri “geosiyasi təhlükə” kimi
qiymətləndirərək Şərqi Aralıq dənizinə üç döyüş gəmisi
göndərib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis razılaşmanı “qeyri-qanuni və qəbulolunmaz” adlandıraraq Avropa İttifaqına şikayət edib. Ölkənin əsas media orqanları razılaşmanı “Afina üçün üçqat narahatlıq mənbəyi” kimi dəyərləndirib. Bu narahatlıqlar arasında miqrasiya axını ehtimalı, Krit adası yaxınlığında enerji axtarışlarının intensivləşməsi və Türkiyənin bölgədə nüfuzunun artması göstərilir.
Liviyanın şərqindəki hökumətin başçısı Usamə Hammad isə Türkiyə ilə razılaşmaların beynəlxalq hüquqa uyğun olduğunu bildirib və Liviyanın suverenlik hüququnun müzakirə mövzusu ola bilməyəcəyini vurğulayıb.
Liviya Milli Neft Şirkəti də mövzu ilə bağlı açıqlama verərək, karbohidrogen ehtiyatlarının axtarışı və işlənməsi üzrə əməkdaşlığın beynəlxalq hüquqa əsaslandığını qeyd edib.
Qeyd edək ki, bu razılaşma 2019-cu ildə imzalanmış Türkiyə-Liviya dəniz yurisdiksiyası anlaşmasının davamı hesab olunur və Şərqi Aralıq dənizində enerji və geosiyasi balansı dəyişə biləcək potensiala malikdir.