Əsas səhifə » Baykar müharibə texnologiyalarında inqilabi rol oynayır - Financial Times

Baykar müharibə texnologiyalarında inqilabi rol oynayır - Financial Times

BAKI, AzerVoice

Baykar süni intellekt texnologiyasında liderliyə doğru irəliləyir.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu iqtisadi nəşri Financial Times, döyüş meydanlarında süni intellektlə dəstəklənən insansız sistemlərin yüksəlişinə həsr etdiyi araşdırmasında Türkiyənin Baykar şirkətini “süni intellekt inqilabının qabaqcılı” kimi təqdim edib.

Hesabatda qeyd olunur ki, Baykar-ın istehsal etdiyi Bayraktar TB2 və Akıncı pilotsuz uçuş aparatları sahədəki effektiv performansı ilə diqqət çəkir və süni intellekt əsaslı sistemlər sayəsində müharibə texnologiyalarında yeni mərhələnin əsasını qoyur.

ABŞ-ın Anduril və Türkiyənin Baykar şirkətləri süni intellekt əsaslı döyüş texnologiyaları sahəsində qlobal səviyyədə rəqabət aparırlar. Financial Times yazır ki, Pentaqon tərəfindən Ukraynaya yüzlərlə Altius-600M PUA göndərilsə də, Baykar öz qabaqcıl texnologiyaları ilə qlobal bazarda mövqeyini gücləndirir.

Almaniyanın Stark şirkəti isə insansız uçuş aparatlarının müstəqil şəkildə hədəf seçə bilməsinin texnoloji baxımdan mümkün olduğunu açıqlayıb. Şirkətin rəhbəri Filip Lokvudun sözlərinə görə, Stark-ın yeni OWE-V dronu 100 kilometr məsafədəki hədəflərə hücum etmək qabiliyyətinə malikdir və döyüş zamanı real vaxtda təhdidlərdən yayınma xüsusiyyətinə sahibdir.

Avropa İttifaqı tam avtonom silahların məhdudlaşdırılmasını dəstəkləsə də, hələlik bu sahədə məcburi hüquqi mexanizmlər formalaşmayıb. BMT çərçivəsində danışıqlar davam edir, lakin FT qeyd edir ki, Rusiya və Çin kimi ölkələr bu texnologiyaları tətbiq etməkdə daha az tərəddüd edirlər.

Almaniyanın Rheinmetall şirkətinin baş direktoru Armin Papperger bu sistemlərin təkbaşına müharibələrə həlledici təsir göstərə bilməyəcəyini bildirib. Buna baxmayaraq, mütəxəssislər düşünürlər ki, süni intellektlə idarə olunan, nisbətən ucuz və yüksək dəqiqliyə malik dronlar müasir və gələcək müharibələrin əsas alətinə çevriləcək.

Qeyd edək ki, Stark şirkətinin rəhbəri Lokvud, “Ukraynadakı münaqişə sona çatsa belə, Rusiyaya qarşı Avropada uzunmüddətli inamsızlıq hökm sürəcək” sözləri ilə bu texnologiyalara yönələn investisiyaların artacağını vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice