Bakı. AzerVoice:
Hazırda Qəzzada təhlükəsiz sayıla biləcək bir yer yoxdur.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan deyib.
“Gözümüzün önündə cərəyan edən insanlıq faciəsi İsrailin Rəfaha hücumu ilə daha da pisləşir. Qəzza dünyanın ən böyük açıq hava həbsxanası kimi tanınırdı. İndi o, dünyanın ən böyük açıq qəbiristanlığına çevrilib.” – deyə Fidan bildirib.
O qeyd edib ki, Türkiyə 2023-cü ilin oktyabrında İsrailin Qəzzaya hücumundan sonra atəşkəsi təmin etməyə, münaqişənin coğrafi olaraq yayılmasının qarşısını almağa və Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməyə çalışır.
Münaqişələrin sülh yolu ilə həlli üçün diplomatik kanallardan istifadə edilən digər bölgənin də şimalda yerləşdiyini deyən Fidan Rusiya-Ukrayna müharibəsinə diqqət çəkib.
“Rusiya-Ukrayna müharibəsini atəşkəs və daimi, ədalətli sülh razılaşması ilə bitirmək xarici siyasət prioritetlərimizdəndir” – deyə nazir bildirib.
Hafiz Rufizoğlu