Bakı. AzerVoice:
İsrail hökumətinin ədalət qarşısında cavab verəcəyinə inanırıq.
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli sosial media hesabında İsrail xarici işlər nazirinin paylaşımı ilə bağlı açıqlama verib.
“İnanırıq ki, İsrail hökumətinin bütün üzvləri gec-tez Qəzzada törətdikləri cinayətlərə görə cavab verəcəklər. Biz Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işini yaxından izləyirik.” – deyə o bildirib.
Keçeli qeyd edib ki, İsrail hökuməti qəzzalıların ayrı-seçkilik etmədən, sistemli və şüurlu şəkildə qətliamına son qoymalıdır.
Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.
Hafiz Rufizoğlu