BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə dəniz nəqliyyatında istifadə olunan gəmilərin və gəmi heyətinin beynəlxalq qaydalara uyğunluğunun yoxlanılması və bu sahədə tətbiq olunacaq sanksiyalarla bağlı yeni qaydalar müəyyənləşdirilib.
AzerVoice xəbər verir ki,Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan “Liman Dövləti Nəzarətinin Tətbiqi Qaydaları Haqqında Əsasnamə” rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib.
Yeni əsasnaməyə əsasən, Türkiyənin dəniz yurisdiksiyasında (hüquqi səlahiyyət sahəsi, bir dövlətin və ya qurumun hüquqi nəzarət və qərarvermə səlahiyyəti) fəaliyyət göstərən gəmilərin beynəlxalq tələblərə uyğunluğu, gəmi heyətinin iş və yaşayış şəraitinin standartlara cavab verib-vermədiyi yoxlanılacaq. Uyğunsuzluq aşkar edilərsə, müvafiq inzibati tədbirlər görüləcək. Eyni zamanda, liman dövləti nəzarəti aparacaq şəxslərin seçilməsi və fəaliyyətinə dair meyarlar da müəyyən olunub.
Yeni qaydalara əsasən, liman dövləti nəzarətçiləri dənizçilik üzrə ali təhsil almalı, ingilis dilini bilməli və beynəlxalq konvensiyalarla bağlı yetərli biliklərə sahib olmalıdır. Bundan əlavə, bu şəxslər uzaqyol birinci zabiti və ya mühəndis vəzifəsində işləmiş olmalı, bayraq dövləti və dəniz nəzarətində ən azı bir illik iş təcrübəsinə malik olmalıdır. Nəzarətçilər yoxlama aktlarını ingilis dilində hazırlayacaq və bu məlumatlar beynəlxalq elektron sistemə daxil ediləcək. Liman rəisi tərəfindən yoxlamaların düzgünlüyü nəzarətdə saxlanılacaq.
Qərəzsizliyi təmin etmək məqsədilə nəzarətçilərin yoxlama apardıqları gəmilərlə və ya limanla heç bir ticari əlaqəsi olmamalı, gəmi agentləri və sənəd tərtib edən şirkətlərdə işləməsi və ya onların adından hərəkət etməsi qadağan olunacaq.
Yeni qaydalarda gəmilərə tətbiq olunacaq giriş qadağaları da əhatə olunub. Belə ki, əgər gəmi Türkiyə və ya beynəlxalq müqavilə tərəfi olan ölkə limanında tutulduqdan sonra icazəsiz şəkildə limanı tərk edərsə və ya təmir üçün getməli olduğu tersanəyə getməzsə, həmin gəmiyə 6 ay müddətinə Türkiyə limanlarına giriş qadağası qoyulacaq. Bundan əlavə, son 36 ay ərzində üç və ya daha çox dəfə tutulmuş gəmilərə Türkiyə limanlarına giriş icazəsi verilməyəcək. İlk dəfə giriş qadağası tətbiq edilən gəmi 12 ay, qadağa bitdikdən sonra 12 ay ərzində yenidən tutulsa, bu dəfə 24 ay müddətinə qadağa tətbiq olunacaq. İkinci dəfə qadağa tətbiq edilmiş gəmi yenidən tutularsa, daimi giriş qadağası qüvvəyə minəcək.
Gəminin sahibi, operatoru və ya bayraq dövləti, liman dövləti nəzarətçisi tərəfindən verilmiş qərardan bir ay ərzində Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinə etiraz edə bilər. Əgər gəmi əsassız olaraq saxlanılıb və ya gecikdirilibsə, sahibi hüquqi yolla müraciət edə bilər.
Yeni əsasnamənin qüvvəyə minməsi ilə 26 mart 2006-cı il tarixində qəbul olunmuş “Liman Dövləti Nəzarəti Əsasnaməsi” ləğv edilib.