BAKI, AzerVoice, Nailə Babazadə
İstanbul Hava Limanı, Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən üç nüfuzlu qlobal mükafata layiq görülüb.
AzerVoice xəbər verir ki, İstanbul Hava Limanının operatoru olan İGA şirkəti, ABŞ mərkəzli X platformasındakı rəsmi hesabı vasitəsilə verdiyi açıqlamada, hava limanının "Avropanın Ən Yaxşı Hava Limanı", "5-ci Səviyyə Müştəri Təcrübəsi Akkreditasiyası" və "Qlobal Təlim Liderliyi" mükafatlarını qazandığını bildirib.
“ACI tərəfindən üç möhtəşəm qlobal mükafata layiq görüldüyümüzü elan etməkdən məmnunluq duyuruq. Bu mükafatlar komandalarımızın fədakarlığının, milyonlarla sərnişinin bizə olan inamının və müştəri təcrübəsini mədəniyyətimizin əsas dəyərinə çevirmək vizyonumuzun bariz sübutudur.” - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 55 milyon 250 min 785 nəfər olub.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 11 milyon 823 min 296 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 43 milyon 427 min 489 nəfər təşkil edib.
2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 2 milyon 170 min 547 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 146 min 157 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 2 milyon 24 min 390 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 4 faiz artaraq, 362 min 69 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 82 min 933, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 279 min 136 olub.
2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.