BAKI, AzerVoice
Azərbaycanda ilk ürək transplantasiyalarının uğurla həyata keçirilməsindən sonra orqan donoru olmaq istəyənlərin sayında artım müşahidə olunur.
AzerVoice xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
Akademik bildirib ki, donor amili orqan transplantasiyasının əsas və həlledici şərtidir. Onun sözlərinə görə, ilk ürək transplantasiyası əməliyyatlarından sonra donorluğa maraq əhəmiyyətli dərəcədə artıb.
“Sevindirici haldır ki, bu uğurlu əməliyyatlardan sonra donor olmaq istəyənlərin sayı çoxalıb. Hətta bir sıra ictimai xadimlər, diplomatlar və ziyalılar donor olmaq niyyətlərini rəsmi sənədlərlə təsdiqləyiblər”, – deyə Əhliman Əmiraslanov qeyd edib.
Komitə sədri vurğulayıb ki, cəmiyyət bu uğurları gördükcə orqan donorluğuna münasibət də müsbət istiqamətdə dəyişir. Onun fikrincə, donorluğun təşviqi yalnız səhiyyə sisteminin deyil, bütün cəmiyyətin üzərinə düşən ümumi vəzifədir.
Akademik əlavə edib ki, deputatlar, ictimai xadimlər və kütləvi informasiya vasitələri bu sahədə maarifləndirmə işini gücləndirməli, əldə olunan tibbi nailiyyətlərin düzgün şəkildə ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirməlidirlər.