BAKI,AzerVoice, Fərid Mikayılov
İsrail və ABŞ hücumları nəticəsində zərər görmüş nüvə obyektlərini bərpa edəcəyik.
AzerVoice xəbər verir ki, bu sözləri İran Atom Enerjisi Təşkilatının rəhbəri və ölkənin vitse-prezidenti Məhəmməd İslami deyib.
“Hərbi hücum zamanı obyektlərin zədələnməsi və infrastrukturun dağıdılması təbiidir. Əsas olan odur ki, elm, texnologiya, sənaye və biliklər İranın dərin tarixinə söykənir” – deyə o bildirib.
İslami ABŞ-la birbaşa danışıqların aparılmayacağını vurğulayıb. Onun sözlərinə görə, ABŞ hökuməti İran xalqına böyük ədalətsizliklər edib, İslam İnqilabından bəri ölkəyə ağır zərbələr endirib və hərbi hücumlar həyata keçirib.
“Belə bir düşmənlə danışmaq mənasızdır. Onlar masaya oturub razılaşma əldə etdilər, sonra isə vədlərini unudub danışıqları tərk etdilər. ABŞ hökuməti etibarsızdır və verdiyi vədləri tez-tez pozur” – deyə İslami bildirib.
İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqlara toxunan İslami, uranın yüksək səviyyədə zənginləşdirilməsinin silah məqsədi daşımadığını, əksinə nüvə reaktorlarının təhlükəsizlik sistemləri və dəqiq ölçü alətləri üçün zəruri olduğunu qeyd edib:
“Bizə bu məhsulları heç kim satmır. İllərdir sanksiyalar altındayıq. Ona görə də özümüz istehsal etməyə məcburuq” – deyə o vurğulayıb.
İslami qeyd edib ki, bütün hücumlara baxmayaraq, İran nüvə proqramını davam etdirəcək və zədələnmiş obyektlər bərpa olunacaq.