BAKI, AzerVoice, Səməd Əyyubov
Kiyev Avropa liderlərinin Ukrayna və Avropa maraqlarını qorumaqla sülhün təmin edilməsinə dair bəyanatını yüksək qiymətləndirir və dəstəkləyir.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Müharibənin sonu ədalətli olmalıdır. Bu gün sülh uğrunda Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarını müdafiə edən hər kəsə minnətdaram” - deyə, Zelenski “X” sosial şəbəkəsində yazıb.
Qeyed edək ki, ötən gün Fransa, İtaliya, Almaniya, Polşa, Böyük Britaniya, Finlandiya liderləri və Avropa Komissiyası ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq səylərini alqışlayıb, lakin Rusiyaya təzyiq göstərməyin və Kiyevə təhlükəsizlik təminatları verməyin vacibliyini vurğulayıblar.
Əlavə edək ki, Trampın cümə günü Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşməsi planlaşdırılır. ABŞ prezidenti üç ildən artıq davam edən münaqişəni həll edəcək razılaşma əldə edilə biləcəyinə ümid etdiyini bildirib.
Zelenski və Avropalı müttəfiqləri xəbərdarlıq ediblər ki, Ukraynanın ərazilərinin böyük hissəsindən imtina etməsini nəzərdə tutan hər hansı saziş Rusiyanın təcavüzünü təşviq edəcək.