BAKI,AzerVoice
1957-ci il sentyabrın 19-da ABŞ, Las-Veqasdan 65 mil şimalda yerləşən və 1375 kvadrat mil ərazini əhatə edən Nevada Sınaq Poliqonunda (NTS) yeraltı tuneldə 1,7 kiloton gücündə nüvə silahı partlatdı. “Rainier” adı verilən bu sınaq, tam şəkildə nəzarət altında həyata keçirilmiş ilk yeraltı nüvə partlayışı idi və radioaktiv çöküntü yaratmadı. Sınaqda çəkisi 218 funt (təxminən 99 kq), diametri 65 sm, uzunluğu isə 44 sm olan dəyişdirilmiş W-25 döyüş başlığı istifadə olunmuşdu.
“Rainier” sınağı, 28 may – 7 oktyabr 1957-ci il tarixləri arasında NTS-də keçirilən və 29 nüvə silahı ilə təhlükəsizlik testlərini əhatə edən “Operation Plumbbob” seriyasının bir hissəsi idi.
Manhattan Layihəsi və ilk nüvə silahı
1941-ci ilin dekabrında ABŞ hökuməti, prezident Franklin Ruzveltin 2 milyard dollarlıq maliyyəni təsdiqləməsindən sonra dünyanın ilk nüvə silahının hazırlanmasına qərar verdi. Nəticədə “Manhattan Layihəsi” ortaya çıxdı. İlk nüvə sınağı 16 iyul 1945-ci ildə Nyu-Meksikodakı Alamogordo yaxınlığında yerləşən “Trinity” poliqonunda həyata keçirildi.
Bundan bir neçə həftə sonra, 6 avqust 1945-ci ildə ABŞ Yaponiyaya qarşı müharibə apararkən prezident Harri Truman “Little Boy” adlı atom bombasının Yaponiyanın Hiroşima şəhərinə atılmasına icazə verdi. Üç gün sonra, 9 avqustda isə “Fat Man” adlı bomba Naqasakiyə atıldı. İki şəhərə edilən hücum nəticəsində təxminən 200 min insan öldü. 15 avqust 1945-ci ildə Yaponiya müttəfiqlərə təslim oldu.
Soyuq Müharibə dövründə nüvə yarışları
1957-ci ildəki “Operation Plumbbob” sınaqları ABŞ ilə Sovet İttifaqı arasında Soyuq Müharibə və nüvə silahlanma yarışının qızğın vaxtına təsadüf edirdi. 1963-cü ildə ABŞ “Məhdud Sınaq Qadağası Müqaviləsi”ni imzaladı. Bu müqavilə atmosferdə, su altında və kosmosda nüvə sınaqlarını qadağan edirdi.
Ümumilikdə, 1951–1992-ci illər arasında Nevada Sınaq Poliqonunda 928 nüvə sınağı həyata keçirildi. 1992-ci ildə ABŞ son yeraltı nüvə sınağını keçirdi. Daha sonra isə 1996-cı ildə ABŞ “Hərtərəfli Nüvə Sınaqlarının Qadağan edilməsi Müqaviləsi”ni imzaladı. Bu müqavilə bütün mühitlərdə nüvə partlayışlarını qadağan edir.