Bakı. AzerVoice:
Heydər Əliyev Fondu, "PASHA Holding" və "PMD Projects"in təşkilatçılığı ilə "Azərxalça" ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb.
Bu barədə AzerVoice-ə"Azərxalça" ASC-dən məlumat verilib.
Bildirilib ki, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında toxunaraq başa çatdırılıb, ikinci mərtəbə üçün hazırlanan xalça isə "Azərxalça" ASC-nin Şabran emalatxanasında toxunub.
Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsilməsi prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Daha əvvəl Leyla Əliyeva İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və tarixi əsərə çevriləcək xalçaya ilmə atıb. Xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.
Xatırladaq ki, "Qarabağ" qrupuna aid olan və "Xətai" xalçasının elementlərini özündə birləşdirən bu nadir əsərin əsas toxunma prosesi İsmayıllı emalatxanasında həyata keçirilib. Toxunma prosesində 150 toxucu xanım tərəfindən təxminən 60 milyon ilmə atılıb. Möhtəşəm əsərin toxunmasına 2024-cü il dekabrın 16-da başlanılıb.
Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda dəzgah sifariş edilib. İki mərtəbədən ibarət bu dəzgah xaricdən dəvət olunmuş mütəxəssislər qrupu tərəfindən məhz "Azərxalça" ASC üçün hazırlanıb.