BAKI, Azervoice, Nərmin Ağayeva
ABŞ-ın vasitəçilik rolu sülh prosesində əhəmiyyətli rol oynayır.
Bu sözləri Azervoice-ə olan açıqlamasında, Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Göyüşlü açıqlamasında bildirib ki, ABŞ keçmişdə də uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan–Ermənistan münaqişəsinin həllində vasitəçi kimi çıxış edib.
“Biz unutmamışıq ki, ABŞ bu prosesdə yeni deyil, köhnə bir vasitəçidir. Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də iştirak edib. Doğrudur, Minsk qrupu effektiv nəticə verə bilmədi, biz məsələni özümüz həll etdik. Amma qrupun üç həmsədrindən biri ABŞ olub və bu gün də Minsk qrupu hələ ləğv edilməyib. Buna görə də hesab edirəm ki, ABŞ bu proseslə tanışdır və onun vasitəçiliyi sülhün əldə olunmasına müsbət təsir göstərə bilər.” - deyə o qeyd edib.
Mübariz Göyüşlü bildirib ki, Avropa İttifaqı və Rusiya da həmçinin müxtəlif formalarda bu prosesdə iştirak ediblər.
“Rusiya 30 ilə yaxın müddətdə problemin tənzimlənməsində əsas təsir imkanlarına malik olub, amma daha ermənipərəst mövqedən çıxış edib. Avropa İttifaqı, xüsusilə başda Fransa olmaqla, açıq şəkildə tərəf tutub. Ona görə də düşünürəm ki, ABŞ-ın rolu bu mərhələdə daha təsirli ola bilər.” - deyə o qeyd edib.
Siyasi şərhçi vurğulayıb ki, sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda sabitlik yaradacaq.
“Əgər sülh sazişi imzalansa, bu, Cənubi Qafqaza sülhün gəlməsi baxımından tarixi bir hadisə olacaq. Sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması regionun siyasi arxitekturasına ciddi müsbət təsir göstərəcək. Çünki uzun müddət davam edən Azərbaycan–Ermənistan münaqişəsi bölgədə böyük problemlər yaradıb. İndi isə situasiya dəyişir və biz razılaşmanın imzalanmasına çox yaxınıq.” - deyə o vurğulayıb.
“Mən düşünürəm ki, Rusiya, Türkiyə, İran və digər ölkələr Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasını müsbət qiymətləndirəcəklər. Türkiyə bunu açıq şəkildə alqışlayır. Rusiya və İranın isə açıq şəkildə bu prosesin əleyhinə çıxacağını düşünmürəm. Əlbəttə, pərdəarxası bəzi pozucu fəaliyyətlər ola bilər, amma açıq şəkildə qarşı çıxmaları real görünmür.” - deyə sonda o, bildirib.