Bakı,AzerVoice
Qloballaşma dünyanın iqtisadi, siyasi, mədəni və dini baxımdan inteqrasiyası, ahəngləşməsi prosesidir. Amerikalı sosioloq Roland Robertsonun (1938-) geniş qəbul olunan tərifinə görə, qloballaşma iqtisadi, siyasi, mədəni və digər beynəlxalq əhəmiyyətli amillərin ayrı-ayrı ölkələrdə sosial gerçəkliyə artan təsirini ifadə edir.
Qloballaşma prosesi inkişaf etdikcə beynəlxalq müstəvidə ölkələrin qarşılıqlı asılılığı getdikcə artır. Modernləşmə, sekulyarizasiya, qlobal inteqrasiya ilə bağlı bir termin kimi qeyd edilən qloballaşma bir tərəfdən homogenlik, digər tərəfdən müxtəliflik və heterogenliklə səciyyələndirilir.
Dialektik proses olan qloballaşmaya qarşı həm Avropada, həm də İslam dünyasında müxtəlif etirazlar səsləndirilir. Bu, ilk növbədə, milli özünəməxsusluqların və milli kimliyin qorunub saxlanması ilə bağlıdır. Qloballaşma prosesində din mühüm rol oynayır: din bu prosesdə həm qloballaşdırıcı bir amil kimi çıxış edir, eyni zamanda, qloballaşmadan təsirlənərək ictimai əhə- miyyətini nisbətən itirir.