BAKI, AzerVoice
Türkiyənin Suriyadakı druz icmasını hədəf aldığı iddialar həqiqəti əks etdirmir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib.
Açıqlamada bəzi media orqanlarında yer alan "Türkiyənin Suriyada yaşayan Druz icmasını hədəf aldığı" ilə bağlı təxribat xarakterli məlumatların məqsədli şəkildə yayılmağa çalışıldığı vurğulanıb.
Qeyd olunub ki, bu cür iddialar Türkiyənin insani dəyərlərə əsaslanan xarici siyasətini təhrif etməyə yönəlmiş açıq bir dezinformasiya kampaniyasıdır:
“Türkiyə insan haqlarına hörmət və beynəlxalq hüquqa bağlılıq prinsipləri əsasında bölgədə sülh və sabitliyi ön planda tutan qətiyyətli və prinsipial mövqe sərgiləyir. Türkiyə hər zaman Suriyanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Türkiyənin bu yanaşmasında etnik, dini və ya məzhəbi ayrı-seçkiliyə yer yoxdur; əsas prinsip insan ləyaqətinin və əsas hüquqların qorunmasıdır.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya siyasəti ilə bağlı çıxışlarında etnik və ya məzhəbi kimliklər əsasında ayrı-seçkiliyi qətiyyətlə və açıq şəkildə rədd etdiyini dəfələrlə bəyan etmişdir. Bu mövqe təkcə sözlə ifadə olunmayıb, eyni zamanda humanitar yardım fəaliyyətlərinə və diplomatik təşəbbüslərə də istiqamət vermişdir” - deyə, açıqlamada bildirilib.
Həmçinin vurğulanıb ki, Suriya böhranının başlanğıcından bəri zorla öz yurdundan didərgin düşmüş suriyalılara heç bir ayrı-seçkilik edilmədən yardım göstərilib və bütün icmaları əhatə edən humanitar yardım proqramları həyata keçirilib.
Bununla yanaşı bildirilib ki, Türkiyə sülh və sabitliyin təmin olunması istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirir.
“Heç bir suriyalı icma kənarda saxlanılmamış, məzhəb və ya etnik kimliyindən asılı olmayaraq hər kəsə eyni münasibət göstərilmişdir. Digər tərəfdən, Türkiyəyə qarşı bu əsassız ittihamları səsləndirən bəzi dairələrin bölgədəki həssas demoqrafik quruluş və dini qruplar arasında qarşıdurma yaratmağa çalışdığı, bu məqsədlə geosiyasi maraqlara əsaslanan qarayaxma kampaniyası apardıqları açıq şəkildə müşahidə olunmaqdadır. Türkiyə bölgədə sülh, sabitlik və ictimai birliyin təmin olunması istiqamətində üzərinə düşən məsuliyyəti qətiyyətlə yerinə yetirməyə davam edir. Suriya dövlətinin siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü təhdid edən parçalanma cəhdlərinə və məzhəb əsaslı qarşıdurma ssenarilərinə qarşı qəti mövqe sərgilənir və bu cür təşəbbüslərə əsla imkan verilmir” - deyə, bəyanatda qeyd olunub.
Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.
16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.