#Yaxın Şərq Sülh Sammiti

Qəzzada ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, İsrail razılaşma şərtlərini yerinə yetirmir. Atəşkəs müddətində İsrail ordusu ən azı 194 dəfə atəşkəsi pozub. Razılaşmaya əsasən Qəzzaya gündəlik 600 yük maşını humanitar yardım daxil olmalı olduğu halda, əraziyə orta hesabla cəmi 145 yük maşını buraxılır. Girişinə icazə verilən yardımların çoxunda un, yağ kimi əsas ərzaq məhsulları əvəzinə cips, şokolad və biskvit kimi məhsulların yer aldığı bildirilir. Yerli rəsmilər bunun qəsdən edildiyini, İsrailin həyati əhəmiyyətli ərzaqları ən sona saxlayaraq yeni aclıq taktikasına əl atdığını vurğulayır.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Qəzza mövzusuna həsr olunmuş yüksək səviyyəli toplantı başa çatıb. AzerVoice xəbər verir ki, toplantıda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, eləcə də BƏƏ və Qətərin rəsmi nümayəndələri iştirak ediblər.

ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.

İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik toplantısından sonra orduya Qəzzada hərbi əməliyyatları bərpa etməyi tapşırıb. Yerli media İsrail ordusunun ilk olaraq Rəfah şəhərinə hava hücumu həyata keçirdiyini bildirir. Netanyahu qərarını “HƏMAS-ın atəşkəsi pozduğu” iddiası ilə əsaslandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Böyük Britaniyanın Baş naziri Keir Starmer Ankarada birgə mətbuat konfransı keçiriblər. Görüş çərçivəsində iki ölkə arasında müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar imzalanıb. Prezident Ərdoğan, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq mexanizmlərinin heyətlərarası görüşlərdə imzalandığını açıqlayıb. “Bu əməkdaşlığın müdafiə sənayesində yeni ortaq layihələrə yol açacağına inanırıq. Bu razılaşmanı iki yaxın müttəfiq arasında strateji münasibətlərin yeni bir simvolu hesab edirik,” – deyə dövlət başçısı qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”. “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.

İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat bölgəsinə hava hücumu həyata keçirib. İsrail ordusu açıqlamasında bildirib ki, “İslami Cihad” qruplaşmasının döyüşçüləri bölgədə İsrail əsgərlərinə qarşı əməliyyat hazırlığında olub. Bu səbəbdən Nuseyrata hava hücumu həyata keçirilib.

Qəzza zolağında atəşkəs və sülh prosesinə dair diplomatik təşəbbüslərin mərkəzində Türkiyə ordusunun mümkün iştirakı müzakirə olunur. Məlumata görə, Türkiyə beynəlxalq barış missiyasına qoşulmaq üçün ABŞ-dən İsrail qüvvələri ilə birbaşa təmasdan çəkinmək barədə təminat tələb edib. Həmçinin İndoneziya da bu missiyanın sırf “barış gücü” statusunda qalacağı və İsrail qüvvələri ilə toqquşma yaşanmayacağı barədə təminat istəyib.