Bakı,AzerVoice
Ölkə çempionatımızda rəqabət çox olsa, daha yaxşıdır”.AzerVoice İdman.biz-I istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
52 yaşlı mütəxəssis İTV-yə müsahibəsində Azərbaycan Premyer Liqasındakı rəqabətdən danışıb. Qurbanov komandasının böyük xal üstünlüyünə baxmayaraq, hər görüşdə rəqiblərin ciddi müqaviməti ilə üzləşdiklərini bildirib: “Rəqabət var, amma çempionatın səviyyəsi yaxşılaşmalıdır. Bizim nəticələrimiz aldada bilər. Amma Premyer Liqada gərginlik var. Yalnız bəzi oyunlarda qələbələrimiz asan olub. Digərlərində isə rahat qalibiyyət əldə etməmişik. Xal fərqi fikirləri yayındırır. Çox istərdim ki, həm öz komandam, həm də digərləri oyununu yaxşılaşdırsın, güclənsin.
Bütün klublarımızın 1-2 illik deyil, uzunömürlülüyü, sabitliyini, çempionatımızın daha dinamik keçməsini, rəqabətin və azarkeşlərin çox olmasını istəyirəm. Hazırda bu qədər xalla irəlidə olmağımız bizi arxayınlaşdırmır. Üçxallıq sistemdə bir-iki məğlubiyyət həyəcana gətirib çıxarır. Yenə ciddi hazırlaşırıq. Çox istərdim ki, klublarımız oyun planında böyük olsunlar.
Futbolçuların səviyyəsi artsın. Bütün matçlarda ciddi rəqabətlə üzləşmişik. “Zirə” ilə ötən ilin son oyununda da belə oldu. 1:0 qalib gəldik, sonra qələbəni əldən verə bilərdik. Bu da bizə motivasiya verir. Heç bir oyunda meydana arxayın çıxmaq şansımız yoxdur”.
Qeyd edək ki, 20 turdan sonra 47 xalla çempionatın lideri olan “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni 15 xal qabaqlayır.