BAKI,AzerVoice
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib.
AzerVoice xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, Mərkəzin direktoru Anar Cəfərov, eləcə də hər iki qurumdan aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.
Birgə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə kənd təsərrüfatı istiqamətində peşə kurslarının təşkili, fermerlərə dövlət dəstəyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.
A.Cəfərov regionlarda keçirilən Aqrar Biznes Festivallarının yalnız məhsulların tanıdılması və bazara çıxış imkanlarının genişləndirilməsi ilə məhdudlaşmadığını, eyni zamanda kənd yerlərində məşğulluğun təşviqi, peşə bacarıqlarının inkişafı və özünüməşğulluq imkanlarının artırılması baxımından effektiv platforma rolunu oynadığını qeyd edib.
Görüşdə bölgələrdə keçirilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələrində Dövlət Məşğulluq Agentliyinin də mütəmadi iştirakının məşğulluq, özünüməşğulluq və peşə hazırlığı sahəsində mövcud imkanların fermerlər və kənd əhalisi üçün daha dolğun şəkildə çatdırılmasına töhfə verdiyi bildirilib.
Müzakirələr zamanı Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən regionlarda aqrar və məşğulluq sahəsini əhatə edən tədbirlərin təşkili məsələləri razılaşdırılıb. Həmçinin, qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.