BAKI, AzerVoice, Fərid Mikayılov
İranda davam edən şiddətli quraqlıq fonunda hökumət yağış ehtimalını artırmaq üçün hava məkanında pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək genişmiqyaslı bulud toxumlama əməliyyatlarına başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın energetika naziri Abbas Aliabadi parlamentdə çıxışı zamanı məlumat verib.
Nazir bildirib ki, ölkə üzrə həyata keçirilən bulud toxumlama prosesi əvvəlki illərlə müqayisədə daha sistemli, elmi və məlumat yönümlü şəkildə icra olunur:
“Son su təsərrüfatı ilində ölkənin 31 şəhərində 61 dron əməliyyatı və 2 min saatlıq yerüstü əməliyyat həyata keçirilib” - deyə Aliabadi qeyd edib.
Onun sözlərinə görə, dronlarla aparılan yağış təşviqi əməliyyatları əsasən Urumiyə gölü hövzəsi, Zayəndərud, Tehran, Elburz, Fars və Xorasan bölgələrində cəmlənib.
Nazir əlavə edib ki, yeni su ilində də uyğun yağış sistemləri müəyyən edildikcə həmin bölgələrdə bulud toxumlama tədbirləri davam etdirilir.
İranda son illərdə sürətlə dərinləşən su qıtlığı və quraqlıq nəticəsində hökumət alternativ hidroloji üsullara, o cümlədən PUA-larla həyata keçirilən hava modifikasiyası texnologiyalarına daha çox üstünlük verir.
