Əsas səhifə » İsrail Suriyadakı druzlara tibbi yardım göndərib

İsrail Suriyadakı druzlara tibbi yardım göndərib

BAKI, AzerVoice

İsrail, Vaşinqton və Dəməşqlə koordinasiyalı şəkildə, Suriyanın Suveyda vilayətindəki druz icmasına təcili tibbi yardım göndərib.

AzerVoice xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında Suriya hökumətinin atəşkəs elan etməsindən sonra Suveyda şəhərində sakitlik hökm sürüb. Bu, druz qruplarının şəhərə nəzarəti yenidən ələ keçirməsi və bir həftə davam edən məzhəb zəmnindəki qarşıdurmalardan sonra Suriya hökumət qüvvələrinin bölgədə yenidən yerləşməsi ilə baş verib. Qeyd olunub ki, həmin qarşıdurmalarda təxminən 1 000 nəfər həlak olub.

AFP-nin iki müxbiri şəhərə daxil olmağa hazırlaşan humanitar yardım karvanlarını müşahidə etdiklərini bildiriblər. Onlar həmçinin atışma səslərinin eşidilmədiyini, Dəməşq-Dəraa yolunun qəbilə döyüşçülərindən boş olduğunu və Daxili İşlər Nazirliyinə tabe olan ictimai təhlükəsizlik qüvvələrinin Suveydanın kəndlərində yerləşdirildiyini, lakin hələ şəhərə daxil olmadıqlarını qeyd ediblər.

Digər tərəfdən, Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, Suveydada "qanunazidd silahlı ünsürlər" humanitar karvanın vilayətə girişinə mane olub. Nazirlik əlavə edib ki, bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi İsrailin açıq müdaxiləsinin birbaşa nəticəsidir və bu, Suriya təhlükəsizlik qüvvələrinin geri çəkilməsindən sonra baş verib.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice