Əsas səhifə » İranda isti hava şəraitinə görə bir günlük rəsmi tətil elan olunub

İranda isti hava şəraitinə görə bir günlük rəsmi tətil elan olunub

BAKI, AzerVoice

İranda davam edən aşırı istilər səbəbilə əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək məqsədilə bəzi fövqəladə tədbirlərin görüldüyü bildirilib.

AzerVoice xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani "X" sosial şəbəkəsində məlumat verib.

“Hökumət qərarına əsasən, davam edən ekstremal istilər və su-elektrik böhranı səbəbiylə, İran təqviminə görə 1 Mordad (23 iyul - red.) günü Tehran vilayətində bir günlük rəsmi tətil elan olunub” – deyə, o bildirib.

Mühacirani, vətəndaşlara enerji qənaəti prinsiplərinə riayət etmələri üçün çağırış da edib.

Qeyd edək ki, İranın cənub bölgələrində bəzi yerlərdə temperaturun 50 dərəcəyə çatıb. Paytaxt Tehranda isə bu gün hava istiliyi 41 dərəcə olaraq ölçülüb.

Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahib ölkələrindən biri olan İran, ağır beynəlxalq sanksiyalar, zəif infrastruktur və həddindən artıq enerji istehlakı səbəbilə son aylarda ciddi enerji böhranı yaşayır. Enerji qənaətinə yönəlik tədbirlər ölkədə son dövrlərdə daha geniş yayılıb. Xüsusilə yüksək temperatur səbəbilə kondisionerlərin intensiv istifadəsi enerji tələbatını pik həddə çatdırıb. Bu səbəbdən hökumət nümayəndələri əhaliyə tez-tez ehtiyatlı olmağa çağırır.

Digər Kateqoriyalar

2025 © Azervoice