Əsas səhifə » Britaniyada müxalifət Baş nazirin müşaviri ilə bağlı araşdırma aparılmasına çağırıb

Britaniyada müxalifət Baş nazirin müşaviri ilə bağlı araşdırma aparılmasına çağırıb

BAKI, AzerVoice

Böyük Britaniyanın müxalif Mühafizəkarlar Partiyası, Baş nazir Kir Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellə bağlı Suriyada baş verən hadisələrlə bağlı ehtimal edilən maraqlar toqquşmasına görə araşdırma aparılmasını tələb edib.

AzerVoice xəbər verir ki, bu barədə “The Mail on Sunday” qəzeti məlumat yayıb.

Məlumata görə, Pauell tərəfindən təsis edilmiş “Inter Mediate” adlı şirkət, Böyük Britaniya hökumətindən silahlı qruplarla gizli danışıqlar aparmaq üçün maliyyə alır. Bildirilib ki, bu şirkət Suriyada hakimiyyət dəyişikliyindən sonra London ilə Dəməşq arasında diplomatik münasibətlərin bərpasında mühüm rol oynayıb. Nəşr yazır ki, “Inter Mediate” şirkətinin ofisi birbaşa olaraq Dəməşqdəki prezident sarayının binasında yerləşir.

Mühafizəkarlar Partiyasından olan Lankaster hersoqluğunun “kölgə kansleri” Alekz Berqhart bildirib ki, Pauell “parlament qarşısında cavab verməlidir” və “özəl şirkətindən terrorçu qruplarla əlaqə kanallarını idarə etmək üçün istifadə etməsinin səbəblərini izah etməlidir”.

Qeyd edək ki, iyulun 5-də Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lemmi Dəməşqə səfəri zamanı Birləşmiş Krallığın Suriya ilə diplomatik əlaqələri bərpa etdiyini açıqlayıb.

Conatan Pauell ötən ilin dekabrında baş nazir Kir Starmerin milli təhlükəsizlik üzrə müşaviri təyin olunub. 1997–2007-ci illərdə isə o, baş nazir Toni Bleyerin dövründə Dauninq-stritdə Baş Kargüzarlığın rəhbəri olub. Pauell 2011-ci ildə silahlı münaqişələrin həlli ilə məşğul olan “Inter Mediate” təşkilatını yaradıb. Qəzetin məlumatına görə, bu təşkilat 2023-cü ildə 3 milyon funt sterlinq (təxminən 4 milyon ABŞ dolları) gəlir əldə edib. Ehtimal olunur ki, Pauell bu şirkətdə icraçı direktor kimi ildə təxminən 200 min funt maaş alıb. O, Starmerin müşaviri təyin edildikdən sonra bu vəzifəni tərk edib.

Digər Kateqoriyalar

2025 © Azervoice