Əsas səhifə » Ukrayna Rusiyaya danışıqların növbəti mərhələsinin keçirilməsini təklif edib - Zelenski

Ukrayna Rusiyaya danışıqların növbəti mərhələsinin keçirilməsini təklif edib - Zelenski

BAKI, AzerVoice

Ukrayna nümayəndə heyəti Rusiyaya gələn həftə yeni danışıqlar raundunun keçirilməsini təklif edib.

AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətində danışıb.

O qeyd edib ki, bu təklifi İstanbul danışıqlarında iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov irəli sürüb.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerov bildirdi ki, rus tərəfinə qarşıdakı həftə yeni görüş keçirməyi təklif edib. Danışıqların dinamikası artırılmalıdır” - deyə, Zelenski bildirib.

Xatırladaq ki, iyulun 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynadan üçüncü danışıqlar raundu ilə bağlı təklifləri gözlədiyini demişdi. O əlavə etmişdi ki, hazırda əvvəlki razılaşmaların icrası davam edir, lakin bundan sonra qərarı Kiyev verməli olacaq.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da məsələ ilə bağlı açıqlama verərək bildirib ki, danışıqlar Ukrayna tərəfindən dondurulub və Kiyev ya görüş tarixindən yayınır, ya da hələ qərar verməyib. Zaxarova Rusiyanın İstanbulda üçüncü raund danışıqlarda iştirak etməyə hazır olduğunu təsdiqləyib və Ukraynanın əvvəlki razılaşmalara sadiq qalaraq dialoqu davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice