Əsas səhifə » Fransada baş verən silhalı insidentdə 10 nəfər xəsarət alıb

Fransada baş verən silhalı insidentdə 10 nəfər xəsarət alıb

BAKI, AzerVoice

Fransanın qərbində yerləşən Limoj kommunasında baş verən gecə iğtişaşları zamanı on polis əməkdaşı silahlı dəstələr tərəfindən qurulan pusqu nəticəsində xəsarət alıb.

AzerVoice xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Ötən gün gecə saatlarında dəmir çubuqlar və pirotexniki vasitələrlə silahlanmış bir qrup maskalı şəxs RN 141 magistralında barrikadalar qurub. Onlar yoldan keçən avtomobillərə daş atıb, bəzən maşınları saxlamağa cəhd göstərərək salonlarına daxil olmağa çalışıblar. Polis əməkdaşları sürücülərdən gələn çoxsaylı şikayətlərdən sonra hadisə yerinə gəliblər.

Lakin hadisə baş verən ərazidə hüquq-mühafizə orqanlarına qarşı əvvəlcədən planlaşdırılmış pusqu qurulub. Məlumata görə, polis bir neçə saat ərzində fişənglərlə atəşə tutulub, yandırıcı maye ilə dolu butulkalar və daşlarla hücuma məruz qalıb. Daşların bir qismi yol kənarındakı binaların pəncərələrindən atılıb. Hücum edənləri dağıtmaq üçün gələn əlavə qüvvələr qaz və işıq-səs qumbaraları, həmçinin rezin güllələr atmaqla 240-dan çox atəş açıblar. İlkin məlumatlara görə, iğtişaşlarda 50-100 nəfər iştirak edib.

Qeyd edək ki, bu bölgədə iğtişaşlar 14 İyul – Fransanın Milli Bayramından bəri təkrarlanır. 15 və 16 iyul tarixlərində polis yerli sakinlərdən pirotexniki vasitələr və benzin kanistri müsadirə etdikdən sonra hücuma məruz qalıb. Şənbə gecəsi baş verən iğtişaşlar nəzarət altına alınsa da, bölgədə vəziyyətin hələ də gərgin olduğu bildirilib. Limoja əlavə dəstək üçün CRS 82 xüsusi polis bölməsi göndərilib.

Digər Kateqoriyalar

2025 © Azervoice