BAKI, AzerVoice
Serbiyanın paytaxtı Belqradda baş verən iğtişaşlar nəticəsində 48 polis əməkdaşı yaralanıb, 77 nəfər, o cümlədən bir azyaşlı saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Serbiya Polis İdarəsi direktorunun köməkçisi Deyan Lukoviç açıqlama verib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları 35 cinayət işi və 22 inzibati xəta ilə bağlı vəsatət qaldıracaq.
“Hazırda hadisənin bütün detallarını araşdırırıq, faktiki vəziyyəti müəyyənləşdiririk və digər iştirakçıları, təşkilatçıları da müəyyənləşdirmək üçün iş aparırıq. Məsul prokurorluq və təhlükəsizlik qurumları ilə əməkdaşlıq edərək bu işi sona çatdıracağıq” – deyə, Lukoviç qeyd edib.
O bildirib ki, yaralananlardan biri jandarm əməkdaşıdır və o ağır bədən xəsarətləri alıb, lakin həyati təhlükəsi yoxdur və vəziyyəti stabildir. Digər yaralılar yüngül xəsarətlər alıblar.
Lukoviç əlavə edib ki, polis əvvəlcə maksimum təmkinlə davranıb, lakin gərginliyin artmasından sonra zəruri güc tətbiq edilib.
Belqrad Baş Prokurorluğunun rəhbəri Nenad Stefanoviç daha əvvəl bəyan etmişdi ki, paytaxtda keçirilən etiraz aksiyaları zamanı polis əməkdaşlarına və dövlət qurumlarına hücum edən hər kəs müəyyən edilərək məsuliyyətə cəlb olunacaq.
Qeyd edək ki, Serbiyada kütləvi etiraz aksiyaları 2023-cü ilin noyabr ayından bəri davam edir. Etirazların başlanmasına Novi Sad şəhərində dəmiryolu vağzalında beton tavanın uçması səbəb olub. Etirazçılar bu faciənin səbəbini korrupsiyada görür və erkən seçkilərin keçirilməsini tələb edirlər.
Dünən axşam Belqradın mərkəzində yerləşən Slaviya meydanında keçirilən mitinqdən sonra etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Serbiya polis rəisi Draqan Vasilyeviçin sözlərinə görə, altı polis əməkdaşı xəsarət alıb. Həmin gün şəhərdə iki ayrı mitinq keçirilib. Slaviya meydanındakı aksiyadan sonra etirazçılar Pioner parkı və Parlament binası yaxınlığında toplaşan Vuçiç tərəfdarlarına doğru irəliləyiblər. Nəticədə qarşıdurma baş verib və təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçı saxlanılıb.