Bakı, AzerVoice
Ukraynada sülhün bərqərar olması üçün Çin əsas oyunçu ola bilər.
AzerVoice xəbər verir ki, bu fikri İtaliyanın baş naziri Corciya Meloni Çin Xalq Respublikasına (ÇXR) səfəri zamanı səsləndirib.
"İnanıram ki, ədalətli sülhün elementlərinin müəyyənləşdirilməsinə kömək edən əsas oyunçu Çin ola bilər", - deyə Meloni vurğulayıb.
Bundan öncə Çinin xarici işlər naziri Van İ macar həmkarı Peter Siyarto ilə telefon danışığında Ukrayna münaqişəsinin siyasi tənzimlənməsinə təsir etmək məsələsində Pekinin Budapeştlə birlikdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və ÇXR sədri Si Cinpin bu yaxınlarda keçirdikləri görüşün yekunu olaraq Ukraynadakı vəziyyətlə bağlı vahid fikrə gəliblər. İki dövlətin liderləri əminliklə bildiriblər ki, Rusiya Federasiyasının bu mövzuda iştirak etməyəcəyi istənilən danışıqlar mənasızdır.
Bu arada Finlandiya prezidenti Aleksandr Stubb "Le Monde" nəşrinə müsahibəsində qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya tərəfini ikinci Qlobal Sülh Sammitində görmək istəyi “kartların düzgün oynanılmasıdır”. Bundan başqa, Finlandiyanın dövlət başçısı da Çinin hərbi əməliyyatları dayandırmaq üçün böyük imkanlara malik olduğunu söyləyib.