Bakı. AzerVoice:
Bu gün Türkiyənin 81 vilayətində bütün məscidlərdə səhər namazından sonra Fələstin üçün dualar edilib.
AzerVoice xəbər verir ki, Türkiyənin Dini İşlər Naziri Ali Erbaş, dünən öz sosial media hesabında "Fələstinə dəstək, Qəzzaya dua" başlıqlı paylaşımı ilə səhər namazında bütün məscidlərdə şəhid Mehmetçik və fələstinlilər üçün dua edəcəyini bildirmişdi.
Erbaş Hacı Bayram-ı Veli məscidində sübh namazını qılıb Qurani-Kərim oxuduqdan sonra insanlara səslənərək "Buradan açıqca səslənirəm. Zalımlara dolayı yolla da olsa kömək edənlər bunun hesabını verəcəklər. Bunun hesabını həm dünyada, həm də axirətdə verəcəklər" deyib.
Bir çox insanın indi Qəzzada şəhid olduğunu ifadə edən Erbaş, "kütləvi qətllərə, soyqırıma məruz qalırlar. Qəddar işğalçıların nə mərhəməti, nə əxlaqı var, insanlıqları yoxdur. Qarşı tərəfdə tamamilə insanlıqdan çıxmış varlıqlar çadırlarda qalan günahsız körpələri yuxarıdan atdıqları bombalarla yandıraraq öldürürlər” dedi.
“Zalımlara kömək edənlər bunun hesabını verəcəklər”
Erbaş İsrailə yardım edənlərin böyük haram və günah işlətdiyini vurğulayaraq deyib:
"Hələ də boykota laqeyd yanaşanlar varsa, diqqətli olsunlar. Dünya fanidir. Biz birtəhər bu dünyadan həqiqi dünyaya, axirətə köçəcəyik. Bu dünyada Allahdan başqa heç kim daimi deyil. Bizim malımız, mülkümüz, evimiz, mənzillərimiz, qızıllarımız, pullarımız bizimlə axirətə getməz, amma Allah yolunda xərclədiklərimiz gedər. Odur ki, bunu unutmayaq, məzlumların yanında olaq”.
Dünyanın hər yerində Fələstin bayraqları ilə nümayiş keçirən vicdanlı insanların olduğunu bildirən Erbaş, “İnancı nə olursa olsun, məzlumun yanında, zalımın qarşısında dayanmaq hər bir insanın borcudur” dedi.
