BAKI,
AzerVoice
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti
Donald Trampla görüşündə baş verən mübahisəni “təəssüf doğuran”
hadisə kimi dəyərləndirib.
AzerVoice xəbər verir ki, Zelenski X hesabında verdiyi açıqlamada, görüşün gözlənildiyi kimi keçmədiyini bildirib.
“Vaşinqtonda Ağ Evdəki görüşümüz lazım olduğu kimi keçmədi. Təəssüf ki, belə oldu”, – deyə o vurğulayıb.
Zelenski Ukrayna xalqının müharibənin bitməsini istədiyini və qalıcı sülhün əldə edilməsi üçün danışıqlara açıq olduqlarını bildirib.
“Biz Prezident Trampın güclü liderliyi altında davamlı sülh üçün işləməyə hazırıq. Müharibəni dayandırmaq, əsirlərin azad edilməsi və mülki infrastruktura hücumların qarşısını almaq üçün sürətlə hərəkət etməliyik”. - deyə o açıqlayıb.
Zelenski həmçinin ABŞ-ın Ukraynanın suverenliyini qorumaqda oynadığı rolu yüksək qiymətləndirib və Tramp administrasiyasının əvvəllər ölkəsinə "Javelin" raketlərini göndərdiyini xatırladıb.
Görüşdə baş verən mübahisəyə baxmayaraq, Zelenski gələcək əməkdaşlığın konstruktiv olmasını istədiklərini vurğulayıb.
“Artıq işləri düzəltməyin vaxtıdır. Biz Birləşmiş Ştatlarla daha güclü təhlükəsizlik təminatlarına yönəlmiş saziş üzərində işləməyə hazırıq”. - deyə bildirib.
O, nadir torpaq elementləri və təhlükəsizlik məsələləri ilə bağlı sazişin imzalanmasına istənilən vaxt açıq olduqlarını da qeyd edib.