BAKI,
AzerVoice
ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət xərclərini
azaltmaq məqsədilə daha geniş miqyaslı ixtisarlar həyata keçirməyi
planlaşdırır.
AzerVoice xəbər verir ki , bu addım,
hökumətin ölçüsünü kiçiltməkdən məsul olan Elon Maskın büdcə
azaldılması istiqamətində sürətli hərəkət edəcəyini bildirməsindən
sonra gündəmə gəlib.
Tramp administrasiyasının ilk kabinet iclasında Elon Mask hökumətin illik 6,7 trilyon dollarlıq büdcəsindən 1 trilyon dollar qənaət etməyi hədəflədiyini açıqlayıb. O, bu hədəfə çatmaq üçün hökumət proqramlarında ciddi ixtisarların qaçılmaz olduğunu vurğulayıb. Bununla belə, Tramp sağlamlıq və pensiya proqramlarının kəsilməyəcəyinə dair vədini bir daha təkrarlayıb..
Hökumətin həyata keçirdiyi struktur islahatları artıq 20 mindən çox işçinin ixtisarına, xarici yardımların dondurulmasına və tikinti ilə elmi tədqiqat layihələrinin dayandırılmasına səbəb olub.
Məlumata görə, Trampın vəzifədə olduğu ilk ayda hökumət xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 13% artıb. Bu artım əsasən borc faizlərinin yüksəlməsi, səhiyyə və pensiya xərcləri ilə əlaqələndirilir. "Bu belə davam edərsə, ölkə iflasa uğrayacaq," – deyə Tramp kabinet iclasında xəbərdarlıq edib.
Hazırda işdən çıxarılmalar əsasən tam iş təhlükəsizliyi olmayan yeni işçilərə yönəlib. Lakin administrasiya yaxın vaxtlarda daha geniş miqyaslı ixtisarlar həyata keçirməyə, o cümlədən veteran işçiləri də bu prosesə daxil etməyə hazırlaşır.