Bakı,AzerVoice
Konnektikutdakı Quinnipiac Universitetinin keçirdiyi sorğunun
nəticələrinə görə, ABŞ seçicilərinin 81%-i Rusiya prezidenti
Vladimir Putinə etibar edilməməsi lazım olduğunu düşünür.
AzerVoice xəbər verir ki, Fevralın
13-17-də aparılan sorğuda 1039 seçici iştirak edib.
Sorğuya görə, respublikaçı seçicilər arasında Putinə etibar
etməyənlərin nisbəti 73%, demokratlar arasında isə 93% olub.
Ümumilikdə, respondentlərin 9%-i Putinə etibar edilə biləcəyini,
10%-i isə bu barədə fikir bildirmədiyini söyləyib.
Bundan əlavə, iştirakçıların 40%-i ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini bəyəndiyini, 44%-i isə bəyənmədiyini qeyd edib. 16%-i isə bu mövzuda konkret fikir bildirməyib.
Qeyd edək ki, Fevralın 12-də Tramp və Putin arasında 1,5 saat davam edən telefon danışığı baş tutub. Ardınca, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri görüşərək ikitərəfli münasibətlərin normallaşdırılması və Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə ediblər.