Bakı, AzerVoice
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna rəsmilərinin
iştirakı ilə Səudiyyə Ərəbistanında yüksək səviyyəli görüşün
keçiriləcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki , Ağ Evdə
Hindistanın baş naziri ilə keçirdiyi mətbuat konfransında o, bu
danışıqların müharibəyə son qoymağa yönəldiyini bildirib.
Trampın sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna rəsmilərinin iştirakı ilə danışıqlar aparılacaq. O, rusiyalı həmkarı Vladimir Putinin sülh istədiyinə inandığını vurğulayıb.
Lakin Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin iştirak etmədiyi heç bir razılaşmanı qəbul etməyəcəyini bəyan edib. Ukrayna rəsmiləri Münhen konfransında ruslarla danışıqların planlaşdırılmadığını açıqlayıb.
Tramp həmçinin Rusiyanın G7-yə qaytarılmasını müdafiə edərək, 2014-cü ildə G8-dən çıxarılmasının səhv olduğunu bildirib. Bu açıqlamalar Avropalı NATO müttəfiqlərində narahatlıq yaradıb, çünki Kiyev və Avropa ölkələri Ağ Evin Ukraynanın maraqlarını nəzərə almadan razılığa gələ biləcəyindən ehtiyat edirlər.
Rusiyanı G7-dən çıxarmaq səhv idi - Tramp
Kremlin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ arasında ayrıca danışıqların aparılacağını, Tramp və Putin arasında görüşün hazırlanmasının bir neçə ay çəkə biləcəyini bildirib. Avropa ölkələri və Ukrayna, Moskva ilə aparılan hər hansı sülh danışıqlarında iştirak etməli olduqlarını vurğulayıblar.