Bakı,
AzerVoice
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf
Agentliyini (USAID) bağlamaq cəhdlərinə görə məhkəməyə verilib.
AzerVoice xəbər verir ki, həmkarlar ittifaqları və federal işçiləri təmsil edən qurumlar Tramp administrasiyasının USAID-in fəaliyyətini dayandırmaq planına qarşı çıxaraq Vaşinqtondakı federal məhkəmədə iddia qaldırıblar.
Məhkəmə iddiasında Tramp, Dövlət Katibi Marko Rubio, Maliyyə
Naziri Skot Bessent, USAID, Dövlət Departamenti və Xəzinədarlıq
Departamenti cavabdeh kimi göstərilib.
USAID-in dərhal fəaliyyətini bərpa etməsi, internet resurslarına
girişin açılması və işçilərin inzibati məzuniyyətə göndərilməsinin
dayandırılması tələb olunub.
Xatırladaq ki, Tramp administrasiyası USAID-in 10.000-dən çox olan işçi sayını təxminən 300-ə endirməyi planlaşdırır, qalan işçi heyətinin isə yalnız səhiyyə və humanitar yardım sahəsində ekspertlərdən ibarət olacağı bildirilir.
Bununla bağlı Tramp yanvarın 21-də xarici yardımla bağlı
sərəncam imzalayaraq, bütün nazirlik və agentliklərin xarici
ölkələrə ödənişlərini dayandırmasını tələb edib.
Yanvarın 27-də isə ABŞ Dövlət Departamenti və USAID tərəfindən
maliyyələşdirilən bütün xarici yardım proqramlarının dayandırıldığı
açıqlanıb. Elon Musk da USAID-in sosial media hesablarının
bağlandığını və işçilərin inzibati məzuniyyətə göndərildiyini
açıqlayıb.