Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında
sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində
baş verən qəza ilə bağlı yazılı açıqlama verərək, hadisələri
yaxından izlədiyini və insanların sağ qalması üçün dua etdiyini
bildirib.
AzerVoice xəbər verir ki, Tramp ilk
müdaxilə edənlərə təşəkkür edib və baş verən hadisələri
açıqlayacaqlarını bildirib.
Daha sonra "Truth" sosial media platformasında açıqlama verən
Tramp, təyyarənin öz marşrutu ilə uçuş-enmə zolağına doğru eniş
etdiyini bildirib.
"Helikopter uzun müddət birbaşa təyyarəyə doğru gedirdi. Aydın bir
gecə idi və təyyarənin işıqları yanırdı. Nə üçün idarəetmə qülləsi
təyyarəni görüb-görmədiyini soruşmadı?" - deyə sual verib.
Qəza ilə bağlı təhqiqat başlanılıb və Amerika mətbuatında yayılan xəbərlərə görə, hələlik sağ qalan olmayıb.
ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) verilən açıqlamaya görə, Ronald Reyqan hava limanı yaxınlığında təyyarə ilə hərbi helikopter toqquşub. Sərnişin təyyarəsi, American Airlines-a məxsus olub, toqquşmadan sonra Potomak çayına düşüb.
American Airlines rəsmiləri açıqlama verərək, Kanzasdan Vaşinqtona gələn təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olduğunu bildirib. Pentaqon rəsmiləri isə qəza nəticəsində hərbi helikopterdə üç hərbçinin olduğunu, amma yüksək rütbəli məmurun olmadığını açıqlayıb.