Bakı,
AzerVoice
Birləşmiş Ştatlar, dünən (çərşənbə günü) nüvə silahına malik
Pakistanın uzaqmənzilli ballistik raket proqramına, o cümlədən bu
proqrama nəzarət edən dövlət qurumuna qarşı yeni sanksiyalar tətbiq
etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, ABŞ Dövlət
Departamentinin sözçüsü Metyu Millerin verdiyi açıqlamaya görə,
Milli İnkişaf Kompleksi (NDC) və üç şirkətə qarşı tətbiq edilən
sanksiyalar “kütləvi qırğın silahları istehsalçılarını və onların
yayılması vasitələrini” hədəf alan icra sərəncamı
çərçivəsindədir.
Bu sanksiyalar, hədəf təşkilatlara məxsus ABŞ əmlakını dondurur və
amerikalıların həmin təşkilatlarla iş aparmasına mane olur.
Pakistan Xarici İşlər Nazirliyi, ABŞ-ın bu hərəkətini "qərəzli"
olaraq qiymətləndirib.
Nazirlik, Pakistanın Hindistanla olan nüvə silahı sahəsindəki
rəqabətinə açıq şəkildə istinad edərək, bu addımın regional
sabitliyə zərər verəcəyini bildirib. ABŞ Dövlət Departamentinin
məlumatına görə, İslamabadda yerləşən MDM (Milli Müdafiə Nazirliyi)
uzun mənzilli ballistik raket proqramı üçün komponentlər və raket
sınaq avadanlığı axtarır. Məlumatda qeyd olunub ki, MDM Pakistanın
ballistik raketlərinin, o cümlədən Şahin raketinin hazırlanmasına
cavabdehdir.
Qeyd edək ki, Pakistan 1998-ci ildə ilk nüvə silahı sınağını
keçirərək, bu sahədə yeddinci ölkə olub. "Bülleten of Atomic
Scientists" hesab edir ki, Pakistanın arsenalında təxminən 170
döyüş başlığı var. Lakin İslamabad, nüvə silahlarının yayılmasının
qarşısını almaq məqsədini güdən Nüvə Silahlarının Yayılmaması
Müqaviləsini imzalamaqdan imtina edib.
ABŞ Dövlət Departamentinin məlumatına əsasən, sanksiya tətbiq
edilən digər təşkilatlar arasında Affiliates International, Akhtar
& Sons Private Limited və baş ofisi Karaçidə yerləşən Rockside
Enterprises var. Bu şirkətlər avadanlıq alışı üçün MDM ilə
əməkdaşlıq ediblər. Metyu Miller, "Birləşmiş Ştatlar silahların
yayılmasına və satınalma fəaliyyətlərinə qarşı mübarizəyə davam
edəcək" deyib.