BAKI, AzerVoice, Orxan Qədirzadə
İsrail çərşənbə günü İordaniya ilə olan Allenbi sərhəd-keçid məntəqəsini humanitar yardım və yük daşımalarının keçidi üçün yenidən açacaq. AzerVoice xəbər verir ki, bu barədə məlumatı İsrailin təhlükəsizlik rəsmisi verib.
Allenbi keçidi sentyabr ayında bağlı qalmışdı. Həmin vaxt Qəzzaya humanitar yardım aparan bir sürücünün atəş açaraq iki İsrail hərbçisini öldürməsi, ardından təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilməsi insidenti keçid məntəqəsinin bağlanmasına səbəb olmuşdu.
Keçidin yenidən fəaliyyətə başlaması ilə İordaniya sürücüləri və yük maşınları üçün gücləndirilmiş təhlükəsizlik və əlavə yoxlama prosedurları tətbiq ediləcək. Keçid məntəqəsində xüsusi mühafizə qüvvəsi də ayrılıb.
Allenbi körpüsü İsraillə İordaniya arasında əsas ticarət yolu olmaqla yanaşı, işğal altındakı İordan çayının Qərb sahilində yaşayan 3 milyondan çox fələstinlinin xarici dünyaya çıxışı üçün yeganə rəsmi qapıdır.
Hadisədən sonra keçid sərnişinlərin keçidi üçün açılmışdı, lakin humanitar yardım daşıyan yük maşınlarının girişi bağlı qalmaqda davam edirdi. BMT bildirir ki, Allenbi keçidi Qəzzaya ərzaq, çadır və digər zəruri məhsulların çatdırılması üçün əsas marşrutlardan biridir.